Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi region gənclərinin sahibkarıq fəaliyyətinə dəstək olur
Bakı, 15 oktyabr, AZƏRTAC
BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq Naminə İctimai Fəaliyyət” (PAR) layihəsi çərçivəsində seçilmiş mikro-biznes təşəbbüslərinin dəstəklənməsi işlərini davam etdirir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas hədəflərindən biri də bölgələrdə həssas qrupların maliyyə mənbələrinə çıxışına və onların əmək bazarında iştirakına dəstək olmaqdır. Layihə çərçivəsində, gənc fotoqraflar - Gəncədən Günay Paşayeva, Balakəndən Elçin Bodurov və Xaçmazdan İlqar Əmirxanova fotoqrafiya və dizayn işlərinə başlamaq üçün ən müasir avadanlıqlar verilib. COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldıldığı bir zamanda BMqT tərəfindən göstərilən dəstək bu gənc sahibkarlara fəaliyyətlərini genişləndirmək və bölgələrdə yerli əhaliyə xidmət göstərmək üçün yeni imkanlar yaradır.
İndiyədək BMqT-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 40-dan çox gəncin öz biznesini qurmasına kömək göstərilib. USAID-in maliyyələşdirdiyi layihə çərçivəsində, gənclərə və qadınlara xüsusi diqqət ayıran həssas icmalar üçün məşğulluq fəaliyyətlərini iqtisadi cəhətdən gücləndirmək bu qrupların dayanıqlılığını və sosial ahəngini artırmaq məqsədi daşıyır.