Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycan ərazilərində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olublar – Şərh
Bakı, 11 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) son məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətləri çox ciddi qanun pozuntuları ilə müşayiət olunub. Təşkilatın nümayəndələri onlara göstərilən etimaddan, verilən səlahiyyətlərdən sui-istifadə etməklə Azərbaycan ərazilərində faktiki qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olublar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O qeyd edib ki, Azərbaycan ərazilərinə uzun müddətdir qaçaqmalçılıq yolu ilə qadağan olunmuş məhsulları daşıyan BQXK-nın avtomobillər vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursatın daşınmadığına da kimsə zəmanət verə bilməz. DSX-nin aşkarladığı məhsulların Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilməsi faktı da mövcuddur. Bu halda isə Azərbaycan itirir, Ermənistan isə qazanır. Quruma Azərbaycandakı qeyri-qanuni fəaliyyətlərin dayandırılmasına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu təşkilat fəaliyyətində heç bir düzəlişlər etməyib. Aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb. Göstərilən çatışmazlıqların aradan qaldırılması və təkrarlanmaması üçün heç bir tədbirlər görülməyib.
“Ümumiyyətlə, BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir, nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənmir. Nəyə görə Azərbaycanın suveren ərazisində hansısa beynəlxalq təşkilatın başqa ölkədəki ofisi fəaliyyət göstərməlidir? Hazırda BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları, ölkəmizə qarşı olduqca mənfi münasibət bəsləyən şəxslər var. Onların sərbəst fəaliyyətinə nəyə görə şərait yaradılmalıdır? Artıq belə şəxslərin bir neçəsi Azərbaycandan qovulub”, - deyə Ədalət Verdiyev vurğulayıb.
Hərbi ekspertin sözlərinə görə, Vətən müharibəsi dövründə də BQXK Azərbaycana qarşı pis mövqe tutmuşdu. Bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdilər. Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur.
Azərbaycan tərəfinin isə heç bir halda öz ərazilərinə qeyri-qanuni daşınmalara icazə verməyəcəyi kimsədə şübhə doğurmur. Dövlətimiz heç vaxt öz suveren ərazilərimizdə qanunsuz fəaliyyətlərə göz yummaq niyyətində deyil. Heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına göz yuma və dözə bilməz. Odur ki, ölkəmiz öz ərazisində bu fəaliyyətlərin qarşısının alınması, təkrarlanmaması üçün vəziyyətə uyğun olaraq zəruri olan bütün lazımi addımlar atmalıdır.