İQTİSADİYYAT
“Bibiheybət” məscidindən şəhər istiqamətdə olan yolun təmiri başa çatıb VİDEO
Bakı, 29 mart, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri sözügedən yolun təqribən 430 metrlik hissəsinin 8500 kvadratmetrlik ərazisini əhatə edib. Tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 santimetr hündürlükdə və 4500 kvadratmetr sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kvadratmetr əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib.