Biləsuvarda hər gün sahələrdən 740-745 ton pambıq yığılır
Biləsuvar, 12 oktyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda pambıq yığımı sürətlə aparılır. Ötən il sahələrdən 30 min 249 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları az vaxtda sahələrdən 5 min 483 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Yığılan məhsulun 2 min 933 tonu maşınların köməyi ilə toplanılıb.
Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il biləsuvarlı pambıqçılar 10 min 61 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexnik qaydada qulluq göstərildiyindən sahələrdən bol məhsul yetişib. Məhsulu qısa müddətdə toplamaq üçün işə 2990 nəfər işçi qüvvəsi cəlb olunub, 49 ədəd ən müasir və məhsuldar kombayn və yığım üçün lazım olan digər texnika məhsul istehsalçıların ixtiyarına verilib. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən hər gün 740-745 ton məhsul toplanılır.
Qabaqcıl pambıqçı Fazil Musayev uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 10 hektar sahənin hər hektarından 45 sentner məhsul götürüb.
“Bu il də 15 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi həyata keçirdiyimdən bu il də sahəmdə məhsul boldur. Hər il olduğu kimi, bu mövsüm də məhsulu maşınlarla yığıram. İndiyədək 5 hektar sahənin məhsulunu toplamışam. Məhsuldarlıq 35 sentner olub. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq. Dövlətimiz tərəfindən pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini 20 hektara çatdırmaq fikrindəyəm”, - deyə fermer bildirib.