REGİONLAR
Biləsuvarda taxıl sahələrinə yemləmə gübrələri verilir VİDEO
Biləsuvar, 12 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda taxıl sahələrində gübrə səpini davam edir. Fermerlər bol məhsul əldə etmək üçün yemləmə gübrəsi olaraq ammonium nitrat və karbamiddən istifadə edirlər. Yanvar ayından bu günədək “Aqroservis” ASC-nin rayon bölməsində 1000 tona yaxın gübrə satışı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Biləsuvarda taxıl sahələrində gübrələmə işlərinə başlanılıb. Bu il rayonda təxminən 34 min hektar sahədə buğda və arpa bitkisi yetişdirilib. Hazırda fermer və mülkiyyətçilər taxıl sahələrində birinci və ikinci yemləmə işləri aparırlar. Artıq rayonun taxıl sahələrinin 80 faizindən çoxunda gübrələmə prosesi yerinə yetirilib və işlər davam etdirilir. Yanvar ayından bu günədək “Aqroservis”in rayon bölməsində mülkiyyətçilərə 21 ton ammonium nitrat, 950 tona yaxın karbamid gübrəsinin satışı həyata keçirilib. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə rayonda 10-a yaxın özəl sektorda gübrə təchizatçıları fəaliyyət göstərir.
Aqronom Şəfa Şahverdiyevlə söhbət zamanı deyib ki, bu mövsüm üçün onun işlədiyi təsərrüfatda 1800 hektar sahədə arpa əkini həyata keçirilib. Onun da 800 hektarında gübrələmə işləri başa çatıb. Ardınca isə suvarma işlərinə başlanacaq. Qarşıya məqsəd qoyulub ki, yeni əkilən sahələrdən 24-25 sentner məhsul götürülsün. Sahələrdə də məhsul çıxışı normaldır.
Taxılçılıq üçün əsas amillərdən biri də aqrotexniki qaydalara vaxtında əməl etməkdir. Torpağa dən səpilən gündən fermerlərin mütəxəssis məsləhətləri ilə həyata keçirdikləri qulluq işləri bu mövsüm məhsuldarlığa da böyük təsir göstərəcək.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi Mikayıl İmanov bu barədə danışarkən deyib: “Taxıl sahələrinə baxış keçirilir, arpa və buğdanın hansı inkişaf fazasında olduğu dəqiqləşdirilir. Baxışdan sonra qərara gəldik ki, sahəyə yemləmə gübrəsi verilsin. Yemləmə gübrəsi kimi karbamiddən istifadə olunur. Hektara 150-200 kiloqram verilir. Gübrə səpildikdən sonra suvarma işlərinə başlanacaq”.
Qeyd edək ki, rayonda çiyid səpininə hazırlıqla əlaqədar anbarlarda kifayət qədər karbamid gübrəsi ehtiyatı görülüb. Satışına gəlincə, ammonium nitrat gübrəsinin bir kisəsi 29 manat, karbamid gübrəsinin bir kisəsi isə 19,60 qəpikdir. Fermerlər ötən ildən tətbiq olunan dəyərin 100 faizini nağdsız - “Fermer kartı” ilə ödəməklə mineral gübrələr əldə edirlər.