Biləsuvarlı könüllülər “Vikipediya”da 200-dən çox məqalə yaradıblar
Bakı, 21 iyun, AZƏRTAC
Biləsuvarlı könüllülər “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində fəal iştirak edirlər. Onlar yeni məqalələrin yaradılması istiqamətində uğurlu fəaliyyət göstərirlər. Belə ki, son ayda biləsuvarlı könüllü gənclər Fidan Orucova, Ruqiyə Orucova, Könül Mahmudova, Əminə Əhmədzadə, Günay Şahbazlı, Emin Abbaszadə tərəfindən şəhidlərimiz, həmçinin elm, təhsil, mədəniyyət və siyasət sahəsində fəaliyyət göstərmiş şəxslər haqqında onlarla məqalə yaradılıb və redaktə edilib.
Bu barədə AZƏRTAC-a Biləsuvarın “Viki” qrupunun koordinatoru Elnur Hüseynli məlumat verib. O bildirib ki, qrupun əsas fəaliyyət istiqaməti Azərbaycanın görkəmli şəxsiyyətləri, elm və mədəniyyət xadimləri, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şücaət göstərmiş insanlar haqqında məqalələr yaratmaq və bu məlumatları onlayn ensiklopediyada yerləşdirməkdir. İndiyədək könüllülər tərəfindən 200-dən çox məqalə yaradılıb və redaktə edilib.
Biləsuvar rayonunda “Viki” könüllülər qrupu Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü ilə yaradılıb. “Qorqud” Vikipediya Metodik Klubu isə Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb. Hazırda iki könüllü qrup arasında əməkdaşlıq davam edir.
Qeyd edək ki, bu yaxınlarda “Vikipediya”da fəallıq göstərən bir neçə biləsuvarlı gənc "Qorqud" Vikipediya Metodik Klubu tərəfindən diploma təltif olunub.