BİLİK GÜNÜNDƏ ZAQATALADA YENİ MƏKTƏB BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yeni dərs ilinin ilk günü Zaqatala rayonunun təhsil həyatı üçün son dərəcə əlamətdar və yaddaqalan olmuşdur.
Sentyabrın 15-də - Bilik günündə rayonun qəsəbə və kəndlərində yeni məktəb binalarının və əlavə sinif otaqlarının istifadəyə verilməsi münasibətilə təntənəli mərasimlər keçirilmişdir.
Qazangül qəsəbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti ilə inşa edilmiş 360 şagird yerlik yeni məktəb binasının açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov respublikamızda təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat vermişdir. Ötən tədris ilinin rayonun təhsil işçiləri üçün uğurlu olduğunu qeyd edən icra hakimiyyətinin başçısı, məktəb kollektivinə yeni dərs ilində müvəffəqiyyətlər arzulamışdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra yeni binaya baxış olmuşdur. Xüsusi layihə əsasında, müasir standartlara uyğun inşa edilən yeni məktəb binasında 17 sinif otağı, habelə akt və idman zalları, kompyuter kabineti, kitabxana və digər otaqlar yerləşir. Məktəb yeni inventar və avadanlıqla təchiz olunmuş, binada müasir istilik sistemi quraşdırılmışdır.
Elə həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qandax kənd orta məktəbi üçün inşa edilmiş 10 əlavə sinif otağından ibarət 200 yerlik yeni tədris korpusunun, Təhsil Nazirliyinin vəsaiti ilə Danaçı kəndində 3 nömrəli əsas və Qımır kəndində orta məktəb üçün inşa edilmiş 220 şagird yerlik yeni məktəb binalarının, habelə dövlət vəsaiti ilə Faldarlı kənd orta məktəbinin əsaslı təmir olunmuş 200 şagird yerlik tədris korpusunun, Höytala kəndində daxili imkanlar hesabına əsaslı təmir olunmuş məktəb binası və yeni inşa edilmiş əlavə sinif otaqlarının da təntənəli açılış mərasimləri olmuşdur.
Mərasimlərdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Hikmət Atayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.