Binəqədi rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Binəqədi Rayon İcra Hakimiyyətində 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş keçirilmişdir.
Rayon icra hakimiyyətindən (RİH) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən RİH başçısı Alı Qocayev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun əsgərləri tərəfindən Bakıda çox dəhşətli və qanlı cinayətin törədildiyini qeyd etmişdir. Bildirmişdir ki, öz hüquqlarının bərpası üçün küçə və meydanlara toplanmış əliyalın insanlara odlu silahlardan açılan atəş nəticəsində 130 nəfər mülki əhali amansızcasına qətlə yetirilmiş, çoxlu sayda insan yaralanmışdır. Faciəyə hüquqi və siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilmişdir.
Tədbirdə Rayon Gənclər və İdman İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Tədbirin sonunda 20 Yanvar əlillərinə və şəhid ailələrinə maddi yardım göstərilmiş, ərzaq bağlamaları verilmişdir.
Daha sonra anım mərasimi Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar parkında ucaldılmış “Ana fəryadı” abidəsinin önündə davam etdirilmişdir. Burada 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.
######
