Binəqədidə marketdə quldurluq edən şəxslər saxlanılıb VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
Paytaxtın Binəqədi rayonundakı marketlərin birində quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər gecə saatlarında marketdə çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Onların marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı araşdırmalar davam edir.