Bir qrup fəal tələbə onlayn aksiyaya start verdi
Bakı, 26 mart, AZƏRTAC
Martın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Gənclər Birliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup fəal tələbə gənci koronavirusla mübarizədə iştirak etmək məqsədilə “Bizim də qatqımız olsun” onlayn aksiyasına start verib.
YAP Nəsimi rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, partiyanın 10-a yaxın gənc fəalı koronavirusa qarşı mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi bütün qaydalara riayət etməklə təqaüdlərinin çox cüzi hissəsini (1 manat) Koronavirusa Qarşı Mübarizəyə Dəstək Fonduna keçirib və ölkədəki bütün gəncləri, xüsusilə də partiyanın üzvü olan fəal tələbə gəncləri bu aksiyaya qoşulmağa çağırıb.
Layihənin rəhbəri, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, ADNSU-nun doktorantı Salman Salmanov keçirdikləri onlayn aksiyada YAP-ın bütün gənclərinə müraciət edib. Vurğulayıb ki, dünyanın 200-ə yaxın dövlətinin qlobal təhlükə ilə üzbəüz olduğu dövrdə gənclər kənarda qala bilməz, əksinə, onlar bu mübarizədə fəal mövqe göstərməlidirlər. Bu virus nə güclü, nə də zəif dövlət, nə zəngin, nə yoxsul tanıyır. Nə yaşlı, nə gənc, nə sağlam və ya xəstə bilir, hər şey və hər kəs risk altında, təhlükədədir.
Salman Salmanov qeyd edib ki, ölkəmizdə bu xəstəlikdən maksimum qorunmaq və minimum itki üçün bütün güc və imkanların səfərbər edilməsinə baxmayaraq, biz gənclər Azərbaycan Prezidentinin rəhbərliyi ilə hökumətin bu mübarizəsinin fəal iştirakçısı olmalıyıq. Onlayn aksiya koronavirus epidemiyası ölkəmizdə bitənədək davam edəcək.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri bütün tələbə gənclərə “Biz qoşulduq”, “Sən də qoşul” şüarları ilə çağırış edib.
Qeyd edək ki, ADNSU və YAP-ın Nəsimi rayon təşkilatı Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz töhfələrini artıq verib və aksiya davam edir.