Bir Zəfər hekayəsi: Son məzundan ilk tələbəyə - cəsarət və ümidin 36 illik səyahəti
Bakı, 24 avqust, AZƏRTAC
Bakıdakı 312 nömrəli tam orta məktəbin məzunu Fatimə Məmmədova Qarabağ Universitetinin riyaziyyat müəllimliyi ixtisasına qəbul olduğu üçün sevincli anlar yaşayır. Söz yox ki, bu sevincdən onun ailə üzvlərinə də pay düşür. Bu anı onlara yaşadan isə Qarabağ Zəfəridir. Fatimənin Qarabağ Universitetinə qəbul olmağı ona bütün arzularından irəlidir. O, bu anın tarixini və əhəmiyyətini dərindən dərk edir.
AZƏRTAC bir ailənin Xankəndi ilə bağlı Zəfər hekayəsini təqdim edir. 36 il əvvəl Fatimənin xalası Kəmalə Hacıyeva Qarabağ Universitetini (keçmiş Xankəndi Pedaqoji İnstitutunu) bitirən sonuncu tələbələrdən biri idi. 1988-ci ildə erməni təcavüzü ucbatından Kəmalə Hacıyeva qrup yoldaşları ilə birlikdə buranı tərk etmək məcburiyyətində qaldı. Bu, nə qədər çətin görünsə də, onlar heç vaxt ümidlərini itirmədilər. Fatimənin anası Rəmziyyə Hacıyeva isə Şuşa Mədəni Maarif Texnikumunun sonuncu tələbəsi olub. Atası Ramiz Məmmədov uzun müddət torpaqlarımızı mənfur düşmənlərdən qorumaq üçün döyüşüb və I Qarabağ müharibəsi qazisi olub.
Fatimə valideynlərinin və xalasının əzmkarlığı, cəsarəti və qətiyyəti ilə həmişə ruhlanıb və bu gün onların izi ilə getməyindən böyük qürur duyur.
Xankəndidəki ali məktəb uzun illər soydaşlarımızın üzünə bağlandı, amma heç vaxt unudulmadı. Azad Qarabağa, bu universitetə qayıdış arzusunu xalqımız qəlbində yaşatdı. İndi isə bu xəyal gerçəkləşdi. Fatimə Qarabağda olduğu üçün şükranlıq duyur. Fatimə bu məsuliyyəti təkcə bir tələbə kimi deyil, möhkəm iradə, cəsarət və ümid mirasını davam etdirən bir gənc kimi daşıdığını bilir.
Fatimə bu günün gələcəyinə inanan ailəsinə, xalasına və müəllimlərinə təşəkkür edir və çox çalışmağa, qətiyyətli olmağa, bu fürsətdən maksimum yararlanmağa söz verir. İnanırıq ki, Fatimə ailəsinin irsini qürurla daşıyacaq və bu anı mümkün edən şəhidlərimizi şərəfləndirmək üçün əlindən gələni edəcək.