Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü təntənə ilə qeyd olunmuşdur
Bakı, 19 oktyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü Birləşmiş Ərəb Əmirliklərində təntənə ilə qeyd edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, türk diaspor təşkilatlarının üzvləri, İraq türkmənləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Dubaydakı Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov 1918-ci ildə qazanılan və 1991-ci il oktyabrın 18-də yenidən bərpa olunan müstəqillik tariximiz, 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünyanın sivil və demokratik dövlətləri sırasına qoşulması, ulu öndərin əsasını qoyduğu siyasət nəticəsində əldə olunan uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son yeddi ildə bütün sahələrdə davamlı olaraq böyük uğurlar qazanılmış, Azərbaycan regionda lider dövlətə çevrilmişdir.
Tədbirdə türk diasporunun nümayəndəsi Azərbaycan-Türkiyə əlaqələrindən danışmış, iki qardaş dövlətin bütün sahələrdə bir-birinə dəstək olduğunu qürurla qeyd etmişdir.
Çıxışlardan sonra müstəqil Azərbaycanın tərəqqisindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Qonaqlar tədbirin keçirildiyi salonda Azərbaycanın müxtəlif illərdə xəritəsinin neçə dəfə dəyişildiyini və işğal altında olan ərazilərimizi əks etdirən lövhəni də maraqla izləmişlər.