Birləşmiş Ərəb Əmirliklərindəki “Azərbaycan” Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmişdir
Bakı, 30 dekabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 29-da Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir.
Cəmiyyətin sədri Samir İmanov iştirakçıları təbrik etmiş, bu günün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının milli birliyinin, həmrəyliyinin gücləndirilməsində, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmişdir. O demişdir ki, ulu öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərindən sonra tarixi Vətənlərindən kənarda yaşayan soydaşlarımız milli mənsubiyyətlərini iftixar və qürur hissi ilə bəyan etməyə başlamışlar.
Türkiyə diasporunun nümayəndəsi Haldun Zirkli çıxışında bu bayramın əhəmiyyətini qeyd etmiş, ulu öndər Heydər Əliyevin Azərbaycanın türk dünyası ilə əlaqələrinin daha da möhkəmlənməsindəki əməyini vurğulamış, ümummilli liderimizin “Bir millət iki dövlət” kəlamını qürurla xatırlamışdır.
Tədbirdə türk diasporunun təmsilçiləri ilə yanaşı, İraq türkmənləri, ərəb xalqlarının, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Biz 50 milyonluq xalqıq” sənədli filmi nümayiş etdirilmişdir.
Qeyd edək ki, Dubayda nəşr olunan “Al-Bayan” qəzetində
S.İmanovun Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş müsahibəsi dərc olunmuşdur. “Azərbaycanlılar həmrəylik gününü bayram edir” sərlövhəli müsahibədə bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar hər il bu bayramı böyük sevinclə qeyd edirlər.
S.İmanov bu bayramın tarixi, mahiyyəti barədə oxuculara geniş məlumat vermiş, həmrəylik gününün təsis edilməsinin mənəvi zərurətdən irəli gəldiyini, dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımızın dekabrın 31-ni milli birlik və həmrəyliyin təntənəsi olaraq bayram etdiklərini bildirmişdir.