Bişkekdə 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir
Bişkek, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Tədbirdə Bişkekdə yaşayan soydaşlarımız, azərbaycanlı tələbələr və iş adamları, həmçinin jurnalistlər iştirak etmişlər.
Əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Səfir Arif Ağayev mərasimə toplaşanlara 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, o gecə qocalara, qadınlara, uşaqlara aman verilməmişdir. Şəhidlər arasında 13 yaşında uşaq da, 77 yaşında qoca da vardır.
Arif Ağayev qeyd etmişdir ki, insanlıq əleyhinə törədilmiş bu dəhşətli faciə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.
Tədbirdə “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Allahverdiyev, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov, Qırğızıstanın Əməkdar İnşaatçısı Əsəd Həsənov və başqaları müstəqilliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərin şücaətindən söz açmış, onların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd etmişlər.
Tədbirdə faciə ilə əlaqədar sənədli film nümayiş etdirilmiş, iştirakçılar səfirlik tərəfindən hazırlanmış fotosərgi və 20 Yanvar faciəsi ilə bağlı kitablarla tanış olmuş, ehsan verilmişdir.
Səfirlik tərəfindən Qırğızıstanın Xarici İşlər Nazirliyinə, ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar məlumatlar toplusu göndərmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek