Bişkekdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bişkek, 27 fevral (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki Azərbaycan məscidində diasporumuzun üzvləri ilə birgə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə diasporumuzun üzvləri, qardaş qırğız xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuş, mərasim iştirakçıları faciəni əks etdirən sərgiyə baxmışlar.
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev Xocalı faciəsinin baş vermə səbəbləri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, həmin gecə erməni cəlladları və onların havadarlarının Xocalıda törətdikləri qırğınlar 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşmüşdür.
A.Ağayev demişdir ki, bir gecənin içində Xocalının yer üzündən silinməsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak etmiş, şəhərin dinc əhalisinə divan tutulmasında canfəşanlıq göstərmiş, nəticədə görünməmiş vəhşiliklər törədilmişdir. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilmiş, süngüdən keçirilmişlər. Əsir götürülən insanlar da dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmışlar.
Tədbirdə diqqətə çatdırılmışdır ki, faciə ilə əlaqədar Qırğızıstanın dövlət qurumlarına, ictimai təşkilatlara, xarici ölkələrin Bişkekdəki səfirliklərinə və KİV-lərə məlumatlar toplusu göndərilmişdir.
Mərasim iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş broşür, kitab və disklər paylanılmış, ehsan verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek