“BlackRock” şirkəti ilə hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlbinə dair işlər aparılıb
Bakı, 5 mart, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Davosda “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Həmçinin rəqəmsal infrastruktur, süni intellekt ekosistemi, regional məlumat mərkəzinin qurulması və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi aparılıb.