BMT-nin rezident əlaqələndiricisi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olub
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahını ziyarət edib.
QHGT-dən AZƏRTAC-a bildirilib ki, V.Andreyeva Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahı və qərargah daxilində təsis olunan tədqiqat mərkəzinin şəraiti ilə tanış olub.
Daha sonra V.Andreyeva ilə Gənclər Təşkilatının nümayəndələri arasında ikitərəfli görüş baş tutub. QHGT-nin sədri Orduxan Qəhrəmanzadə Təşkilatın bu günə qədər icra etdiyi layihələrdən, o cümlədən sözügedən layihələrdə BMT ilə əməkdaşlıqdan bəhs edib.
V.Andreyeva mənzil-qərargahın açılışı münasibətilə O.Qəhrəmanzadəni təbrik edərək Təşkilata vacib missiyasında uğurlar arzulayıb. QHGT-nin gənclərin beynəlxalq arenada fəallığının təmin olunmasına verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirən V.Andreyeva Təşkilatın gələcək fəaliyyətlərinə hərtərəfli dəstəyini ifadə edib. Tərəflər Qoşulmama Hərəkatı gənclərinin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində geniş iştirakının əhəmiyyətini vurğulayaraq bu sahədə BMT orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.
Görüşün sonunda O.Qəhrəmanzadə V.Andreyevaya QHGT adından xatirə hədiyyəsi təqdim edib.
Sonra xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il iyulun 29-da Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda Qoşulmama Hərəkatı gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.