BMT turizm sektorunun tənəzzülü ilə bağlı iqtisadi itkiləri hesablayıb
Bakı, 30 iyun, AZƏRTAC
Turizm sektorunda koronavirus pandemiyasının səbəb olduğu tənəzzül 2021-ci ildə dünyada ümumdaxili məhsulun 1,7-2,4 trilyon azalması ilə nəticələnə bilər.
AZƏRTAC xəbər verir ki, bu proqnoz BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Cenevrədə dərc olunan hesabatda əksini tapıb.
“Cari ilin ikinci yarısında beynəlxalq turizm sahəsi canlanacaq, buna baxmayaraq 2021-ci ildə 2019-cu ilə nisbətən 1,7 - 2,4 trilyon dollarlıq zərər gözlənilir”, - deyə ekspertlər bildiriblər.
Hesabatda vəziyyətin bir neçə mümkün inkişaf ssenarisi əks olunub. Ən pessimist ssenariyə görə, bu il beynəlxalq səyahətlərin miqdarı 75 faiz azalacaq. Bu halda turizm sektoru 948 milyard dollar itirəcək, dünyanın ümumdaxili məhsulunun həcmi isə 2,4 trilyon dollar azalacaq. İkinci ssenari turizm səfərlərinin təxminən 63 faiz azalmasını və qlobal ümumdaxili məhsulun 1,7 trilyon dollar itirməsini nəzərdə tutur. Üçüncü ssenariyə görə, koronavirusa qarşı vaksinasiya səviyyəsinin aşağı olduğu ölkələrə 75 faiz az insan səyahət edəcək, əhalinin əhəmiyyətli hissəsinin peyvənd olunduğu ölkələrdə isə turizm axını cəmi 37 faiz azalacaq. Bu halda dünya iqtisadiyyatı 1,8 trilyon dollar zərərlə üzləşəcək.