BMT və Azərbaycan yeni imzalanmış əməkdaşlıq çərçivəsinin 2021-ci ildə icrasını müzakirə edib
Bakı, 24 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkədəki İdarə Heyəti və Azərbaycan hökuməti BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF 2021-2025) sənədinin builki icrası ilə bağlı iclaslar keçirib.
BMT agentliklərinin rəhbərləri və nazir müavinlərinin sədrliyi ilə keçirilən iclaslarda 90 nəfər iştirak edib. Onlar ilk ildə görüləcək işlərin planlarını nəzərdən keçiriblər, eləcə də maliyyə və resursların səfərbər edilməsi, əməkdaşlıq çərçivəsinin icrasını yaxşılaşdırmaq üçün mövcud çətinlikləri və onların aradan qaldırılması yollarını müzakirə ediblər.
Müzakirələr əsasən UNSDCF-in beş prioritet sahəsi üzrə aparılıb. Tədbir iştirakçıları inklüziv inkişaf, dövlət və sosial xidmətlərin göstərilməsi, siyasətlərə dair məlumatlar, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə, habelə gender bərabərliyinə əsaslanan cəmiyyətin qurulması istiqamətində görüləcək işlərə dair fikir mübadiləsi aparıblar.
UNSDCF sənədinin həyata keçirilməsi üçün təşkil olunan bu paralel iclaslar aprelin 30-da uğurla baş tutan təqdimat seminarının davamıdır.
Qeyd edək ki, BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan hökuməti ölkənin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinə doğru tərəqqisini sürətləndirmək məqsədilə yeni 2021-2025-ci ili əhatə edən BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini martın 1-də imzalayıblar.