BMU tələbəsi “NASA Space Apps Challenge”in Azərbaycan üzrə rəhbəri seçilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) kompüter mühəndisliyi ixtisasının tələbəsi Amil Zeynallı “NASA Space Apps Challenge”in Azərbaycan üzrə rəsmi rəhbəri seçilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “NASA Space Apps Challenge”in qlobal idarəetmə heyəti tərəfindən bu vəzifəyə təsdiqlənən Amil Zeynallı Azərbaycanda beynəlxalq hakatonun təşkilinə və yerli icmanın formalaşdırılmasına rəhbərlik edəcək.
Onun fəaliyyət istiqamətlərinə yerli tədbirin təşkili, iştirakçıların cəlb olunması, tərəfdaş və sponsorlarla əlaqələrin qurulması, tədbirin koordinasiyası, həmçinin Azərbaycanın innovasiya ekosisteminin beynəlxalq platforma ilə əlaqələndirilməsi daxildir.
Qeyd olunub ki, mühəndislik, proqramlaşdırma, süni intellekt, robototexnika, pilotsuz sistemlər, kompüter görməsi və ekoloji texnologiyalar sahələrində müxtəlif layihələr həyata keçirən Amil Zeynallının diqqətçəkən işlərindən biri NASA-nın peyk məlumatları və süni intellekt texnologiyaları əsasında hazırladığı meşə yanğınlarının aşkarlanması və söndürülməsi sistemidir.
Sözügedən layihə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsində mühəndislik istiqaməti üzrə respublika səviyyəsində qalib olub.
Bildirilib ki, “NASA Space Apps Challenge” bu il noyabrın 14-15-də keçiriləcək. Hakatonda dünyanın müxtəlif ölkələrindən iştirakçılar iki gün ərzində NASA və onun tərəfdaş kosmik agentliklərinin açıq məlumatlarından istifadə etməklə Yer və kosmosun tədqiqi ilə bağlı real problemlərə innovativ həllər hazırlayacaqlar.
NASA-nın kosmik tətbiqlər üzrə beynəlxalq innovativ layihələr müsabiqəsi dünyanın ən böyük illik qlobal hakatonlarından biri hesab olunur.
Azərbaycanda hakatonun təşkilati rəhbərliyinin BMU tələbəsinə həvalə olunması yerli tələbələrin beynəlxalq elm və texnologiya platformalarında iştirak imkanlarının genişləndirilməsi baxımından diqqət çəkir. Tədbirin müxtəlif ixtisaslarda təhsil alan gənclərin komandalar şəklində bir araya gəlməsinə və real problemlərə innovativ həllər hazırlamasına imkan yaratması nəzərdə tutulur.