Bölgədə bəzi qüvvələr ermənilərin əli ilə Azərbaycanla bağlı çirkin niyyətlərini reallaşdırmağa çalışırlar – Şərh
Bakı, 11 iyul, AZƏRTAC
Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Aqaraq rayonlarının yaşayış məntəqələri istiqamətlərindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Ordubad rayonlarının yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərindəki mövqelərinə də atəş açıb. Bölmələrimiz tərəfindən hər bir istiqamətlərdə cavab tədbirləri görülüb.
Bu məsələyə münasibət bildirən hərbi ekspert, jurnalist, polkovnik-leytenant İbrahim Rüstəmov AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda atdığı konkret addımları, işğaldan azad edilmiş ərazilərimizdə uğurla reallaşdırdığı irimiqyaslı yenidənqurma işlərini, regionda həyata keçirdiyi müstəqil siyasəti bir sıra dövlətlər qısqanclıqla qarşılayır. Onlar Azərbaycanın Vətən müharibəsindəki Şanlı Zəfərini qəbul etməkdə çətinlik çəkirlər. Hətta vəziyyət o yerə çatıb ki, Fransa Prezidenti Emmanuel Makron belə “Mən çıxışlarımda Qarabağ haqqında Ermənistanın Baş nazirindən daha çox danışıram” deyir. Yəni o özünü Ermənistanın baş naziri kimi göstərməyə çalışır. Bütün bunlar bölgədəki gərginliyin ümumi fonunda baş verir. Bu gün Qarabağda Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilən təxribatların arxasında böyük dövlətlər dayanır. Həmin dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə belə aqressiv formada öz niyyətlərini ifadə etməsi təəssüf doğurur. Çünki istər Rusiya, istər Fransa, istərsə də İran Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar və üçtərəfli Bəyanatdan sonra da təəssüf ki, qeyri-qanunu erməni silahlı birləşmələri Qarabağ ərazisini tərk etməyiblər. Çünki üçtərəfli Bəyanatda əsas məsələlərdən biri də Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrin qeyd-şərtsiz çıxarılmasıdır. Amma təəssüf ki, bu gün onlar lokal şəkildə öz fəaliyyətlərini davam etdirirlər və Azərbaycana qarşı təxribat aktları törədirlər.
Qarabağda baş verən hadisələrin bir sıra Avropa dövlətlərinin əslində Azərbaycanın ərazi bütövlüyünə münasibətdə sərgilədiyi mövqeyi göstərdiyini vurğulayan hərbi ekspert deyib: “Qanunsuz dəstələrin maliyyələşməsində, silahla təminatında həmin ölkələrin xüsusi rolu var. Eləcə də qanunsuz terrorçu qruplaşmaların silahla təminatında Rusiya sülhməramlıları da müstəsna rol oynayırlar. Adı sülhməramlı olan missiya onun qarşısını almalı idi. Ancaq məhz onların dırnaqarası canıyananlığı və canfəşanlığı sayəsində hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətində odlu silah var. Yəni ölkəmiz həmin məsələdə öz prinsipial mövqeyini ortaya qoyacaq. Azərbaycan Prezidentinin də son bəyanatlarının birində bu məsələyə xüsusi önəm verilib. Həmçinin ciddi mesajlar verilib ki, əgər ermənilər silahlarını könüllü şəkildə özləri təhvil verərlərsə, qanunlarımıza tabe olaraq Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, onların Qarabağdakı hüquqları qorunacaq. Yəni Azərbaycan vətəndaşlarına tətbiq olunan bütün qanunlardan istifadə etmək imkanları ermənilərə də veriləcək. Ancaq təəssüf ki, bu məsələdə vəziyyəti daim gərginləşdirməyə çalışan güclər ermənilərin əli ilə Azərbaycanla bağlı çirkin niyyətlərini həyata keçirirlər. Ancaq buna baxmayaraq, ölkəmiz bu məsələdə prinsipial mövqeyindən nəinki geri çəkilməyəcək, həm də terrorçuların zərərsizləşməsi istiqamətində mühüm addımlar atacaq. Yəni hadisələrin dinamikası bunu göstərir”.
Jurnalist qeyd edib ki, Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra pilotsuz uçuş aparatları, o cümlədən kvadrokopterlərlə, Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərindəki mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparılması və Silahlı Qüvvələrimizin mövqelərinin öyrənilməsi Azərbaycana qarşı planlaşdırılmış xain terrorun törədilməsi və niyyətlərin həyata keçirilməsi istiqamətində atılan addımlardandır və bu ümumi məkrli fəaliyyətin tərkib hissəsidir. Qanunsuz erməni silahlılarının kvadrokopterilə bölmələrimizin mövqeləri üzərində uçuş cəhdləri heç bir nəticə verməyəcək.
“Rusiyanın, İranın, Fransanın və digər ölkələrin də bölgədəki ən böyük uğuru isə ondan ibarət ola bilər ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləsinlər. Ermənistan Azərbaycana qarşı terror əməllərindən birdəfəlik əl çəksin. Bunun üçün isə Azərbaycan və Türkiyə xalqı ilə sülh şəraitində yaşamaq lazımdır. Bu dövlətin inkişafı məhz Azərbaycanla iqtisadi, siyasi əlaqələrdən keçir. Təvazökar ölkənin rəhbərliyinin qeyri-konstruktiv mövqeyi səbəbindən Ermənistan irimiqyaslı beynəlxalq layihələrdən kənarda qalıb. Bu gün ermənilərin çox ciddi iqtisadi problemləri var. Azərbaycan həmin problemlərin həllinin ölkəmizdə sülh müqaviləsi imzalamaqdan, danışıqlardan asılı olduğunu həm birbaşa, həm də dolayısı yolla mənfur qonşularımızın diqqətinə çatdırır. Hazırda isə şərti sərhəddə təxribatlar davam edir. Ancaq bu təxribatlara gələcəkdə birdəfəlik son qoyulacaq. Azərbaycan heç bir halda öz ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə və eyni zamanda Silahlı Qüvvələrimizin mövqelərinə qarşı hər hansı təxribat aktının törədilməsinə icazə verməyəcək”, - deyə polkovnik-leytenant bildirib.
Xatırladaq ki, Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə dövlətimizin başçısı İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının şərtlərinə toxunaraq demişdi: “Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”.