Bosniya və Herseqovina Şərqi Avropada Azərbaycanın mühüm strateji tərəfdaşına çevrilir RƏY
Bakı, 14 aprel, AZƏRTAC
44 günlük müharibədən sonra Azərbaycan Albaniya, Serbiya, Rumıniya, Bolqarıstan kimi ölkələrlə yeni qarşılıqlı münasibətlər qurmağa nail olub. Prezident İlham Əliyevin bu günlərdə Bosniya və Herseqovinaya səfəri və orada keçirilmiş görüşlər isə Azərbaycanın xarici siyasət doktrinasının çoxvektorlu olmasını və Şərqi Avropa regionunun bu doktrinada mühüm yer tutmasını bir daha nümayiş etdirdi.
Məlumdur ki, Balkan yarımadası və Şərqi Avropa ölkələrinin Azərbaycan qazına ehtiyacı var. Bundan əlavə, Azərbaycanın tədarük etdiyi enerji resursları perspektivdə bu regiondan tranzit yolla çatdırıla bilər. Başqa sözlə desək, həmin ölkələrin həm alıcı, həm də potensial tranzit məkanlar kimi Azərbaycana maraqları var. Tezliklə Şərqi Avropanın bu hissəsində Azərbaycan qazını və Azərbaycan investisiyalarını gözləmək olar.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, indən belə Bosniya və Herseqovina Şərqi Avropada Azərbaycanın mühüm strateji tərəfdaşı olur.
Agentliyin müsahibi vurğulayıb: “Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bizim münasibətlərimizdə yeni səhifə açılır. İqtisadi əlaqələrin inkişafı, Azərbaycan lideri ilə Bosniya və Herseqovina lideri arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsi siyasi müstəvidə - Avropa Parlamentində, Avropa İttifaqı strukturlarında, BMT və bir sıra başqa beynəlxalq və regional təşkilatlarla əməkdaşlıqda da əks olunacaq. Bundan əlavə, Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra aldığı dəstəyə görə Bosniya və Herseqovinaya təşəkkürünü bildirir, ümid edir ki, Sarayevo Bakını dəstəkləməkdə davam edəcək, Ermənistan-Azərbaycan məsələsində həmişə obyektivlik nümayiş etdirəcək.
Ekspert bununla əlaqədar qeyd edib ki, məhz beynəlxalq münasibətlərin çoxvektorlu olması, müxtəlif ölkələrə diqqət yetirilməsi, siyasi konyukturu incə hiss etmək, vaxtında və düşünülmüş addımlar atmaq qabiliyyəti Azərbaycanın xarici siyasətini fərqləndirir və bunlar Azərbaycan dövlət başçısının uğurlarıdır.
Z.Məmmədov sonda deyib: “Azərbaycanın xarici siyasət fəlsəfəsi elə qurulub ki, tərəflər arasında bərabərhüquqlu münasibətlər yaransın. Bu, əlbəttə, xüsusən Avropa qitəsinin qərb hissəsindəki bəzi ölkələrin Ermənistanı dəstəkləməsi, separatçıların və erməni işğalçıların müdafiəsinin davam etdirmələri fonunda ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinə də təsir göstərəcək”.