“Böyük dəbilqə” turnirinin üçüncü günündə 10 Azərbaycan cüdoçusu mübarizə aparır
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan paytaxtında keçirilən “Böyük dəbilqə” turnirinin üçüncü günündə ölkəmizin on cüdoçusu çıxış edib.
AZƏRTAC xəbər verir ki, 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev ikinci dövrədən mübarizəyə başlayacaq. Bu dövrədə misirli Hatəm Əbdül Akera qalib gəlib. Firudin Dadaşov almaniyalı Odental Markasdan zəif olub. Tural Səfquliev startda mərakeşli İmad Abdallauiyə qalib gəlib, sonra isə monqol Altanbaqan Qantulqaya uduzub.
100 kq çəki dərəcəsində ikinci dairədən mübarizəyə başlayan Elxan Məmmədov gürcü Beke Qviniaşviliyə, Cəlil Şükürov macarıstanlı Mikloş Sirjenesə, Zelim Kotsoev britaniyalı Bencamin Fletçerə, Kənan Abdullaxanlı xorvatiyalı Zlatko Kumriçə məğlub olub.
100 kq-dan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri belçikalı rəqibi Bencamin Xarmenye üzərində asan qələbədən başlasa da, sonrakı görüşdə ukraynalı Yakov Xammo ondan güclü olduğunu sübut edib. Nadir Hüseynov braziliyalı David Mouraya uduzub, Ayxan Cəfərov isə rusiyalı Andrey Volkovun öhdəsindən gələ bilməyib.
Qeyd edək ki, turnirin ilk iki günündən sonra Azərbaycan komandasının aktivində iki bürünc medal var. Komandamıza bu medalları Tərlan Kərimov (66 kq) və Rüstəm Orucov (73 kq) gətirib.