Böyük Qayıdış siyasətində dövlət proqramlarının tarixi roluna elmi baxış
Bakı, 21 oktyabr, AZƏRTAC
AMEA-nın Tarix və Etnologiya İnstitutunda “Böyük Qayıdış siyasətinin həyata keçirilməsində dövlət proqramlarının tarixi rolu” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Böyük Qayıdış siyasətinin həyata keçirilməsində dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərin bərpası, əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması və bu proseslərin tarixi baxımdan araşdırılmasının vacibliyini qeyd edib.
Dəyirmi masada Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Böyük Qayıdış siyasətinin tarixi əsasları: dövlət strategiyası və milli iradə” mövzusunda məruzə ilə çıxış edib. O, siyasətin tarixi əsasları, dövlət strategiyası və milli iradənin bu prosesdəki rolundan bəhs edib.
Tarix elmləri doktoru, professor Nazim Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlər” mövzusunda çıxış edib. Mina təhlükəsinin aradan qaldırılmasının ərazilərdə təhlükəsizliyin təmin edilməsi, bərpa-quruculuq işlərinin aparılması və əhalinin doğma yurdlarına qayıdışı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Şöbənin elmi işçisi Həlimə Kazımova “Böyük Qayıdış siyasətində Qarabağın mədəni irsinin qorunması və bərpası” mövzusunda məruzə edib. Qarabağın tarixi-mədəni irsinin qorunması və bərpası, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması məsələləri nəzərdən keçirilib. Şöbənin digər elmi işçisi Jalə Rəhimova isə “Böyük Qayıdışa dair I Dövlət Proqramının tarixi əhəmiyyəti və həyata keçirilməsinin əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış edərək proqramın tarixi əhəmiyyəti və əsas icra istiqamətləri barədə məlumat verib.
Dəyirmi masada Böyük Qayıdış siyasətinin tarixi əsasları, dövlət proqramlarının bu prosesdəki rolu, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması, eləcə də Qarabağın mədəni irsinin qorunması və bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.