Brüsseldə qanlı yanvar faciəsinin 21-ci ildönümü qeyd edilmişdir
Paris, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Belçika Krallığındakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 20-də səfirlik tərəfindən Brüsseldə qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi təşkil edilmişdir. Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş səhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa Birliyi yanında daimi nümayəndəsi Emin Eyyubov mərasimi açaraq Qanlı Yanvar hadisələrindən danışmış və bu tarixin hər bir azərbaycanlının yaddaşında daim yaşadığını, şəhidlərimizin qanı hesabına artıq bu gün müstəqil, güclü və inkişaf etmiş Azərbaycan dövlətinin qurulduğunu diqqətə çatdırmışdır. Səfir ümummilli liderimiz Heydər Əliyevin baş vermiş hadisənin səhərisi günü ölkəmizin o zaman Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etdiyini və hadisələrə siyasi-hüquqi qiymətin yalnız 1994-cü ildə ulu öndərin Azərbaycana rəhbərliyi dövründə verildiyini xatırlatmışdır.
Tədbir qanlı yanvar hadisələrindən bəhs edən “Azadlığa gedən yollar” sənədli filminin nümayişi ilə davam etdirilmişdir.
Mərasimdə diasporumuzun təmsilçiləri, tələbələr, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və diplomatlar iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris