Bu gün daha üç taekvandoçumuz Universiadada mübarizəyə qoşulur
Bakı, 25 avqust, AZƏRTAC
Taypeydə təşkil edilən 29-cu Ümumdünya Yay Universiadasının avqustun 25-də keçirilən taekvando yarışlarında kişilər arasında komandamızın üzvlərindən Məhəmməd Məmmədov (63 kq) və Payam Qobadi Oğaz (87 kq), qadınlardan isə Patimat Abakarova (53 kq) mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, taekvando yarışlarının üçüncü günündə Azərbaycan təmsilçilərinin ilk rəqibləri də məlumdur. Universiadada Məhəmməd Məmmədovun rəqibi Meksika idmançısı Reyes Edgar Al Porrasdır. Dayanq üzərinə çıxacaq digər taekvandoçumuz Payam Qobadi Oğaz isə Braziliya təmsilçisi İkaro Miqel Martins Soares ilə döyüşəcək.
Taekvando yarışlarında qadınların mübarizəsində isə ölkəmizi təmsil edən Patimat Abakarovanın ilk rəqibi İran idmançısı Nahid Kiyanıçandehdir.
Xatırladaq ki, Universiadada uğurla çıxış edən Azərbaycan taekvandoçuları əvvəlki yarış günlərində komandamızın aktivinə bir qızıl, bir gümüş və iki bürünc medal yazdırıblar.