Bu gün ordumuz Azərbaycan hərb tarixinin qızıl səhifələrini yazır
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
Azərbaycan xalqı nə qədər səbirli olsa da, nəticədə haqqının tapdalanmasına heç vaxt imkan verməz. Bunu ordumuzun əks-hücum əməliyyatları bir daha təsdiq etdi. Sentyabrın 27-dən başlanan döyüşlər Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərdi.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu fikirləri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov deyib. O bildirib ki, Milli Ordumuzun ədaləti, insafı, humanizmi öz xalqına xas olan xüsusiyyətləridir. Belə bir ordunun qalibiyyəti dünya üçün ibrətverici tarixi hadisədir. Çünki müharibələrin yazılmış və yazılmamış qanunlarına, həm də insanlıq normalarına əməl etməklə məkrli, faşist əqidəli və amansız düşmənə qalib gəlmək böyük şücaətdir.
Fərman Xəlilov deyib: “Bu gün ordumuz Azərbaycan hərb tarixinin qızıl səhifələrini yazır. Gələcək nəsillər həmin səhifələri vərəqləyərkən böyük qürur hissi keçirəcək, Vətən uğrunda tökülən qanların hədər getmədiyinin şahidi olacaqlar. Şanlı, şücaətlı və qüdrətli ordumuz mütləq qalib gələcək və Azərbaycan xalqını yeni-yeni qələbələrlə sevindirəcəkdir”.