Bu il Azərbaycanda ilk dəfə “Bakı İnvestisiya Günü” tədbirinin fondu yaradılıb
Bakı, 6 iyul, AZƏRTAC
Bu il Azərbaycanda ilk dəfə “Bakı İnvestisiya Günü” tədbirinin fondu yaradılıb.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “Bakı İnvestisiya Günü” çərçivəsində “SABAH.lab”ın ictimaiyyətlə əlaqələr direktoru Talifa İsgəndərli deyib.
Bildirib ki, Estoniyanın “Startap Wise Guys” fondu, Qazaxıstanın “White Star Capital” fondu və Azərbaycanın “Azerbaijani Culture Friends” fondu yaradılan yeni fonda yatırım edib. Bu fond iyulun 7-də keçiriləcək müsabiqənin finalçıları arasında seçilmiş komandalar arasında seçim edib, yatırım edəcək. Tədbir çərçivəsində edilmiş yatırımlarla yanaşı, bu fondun öz yatırımları olacaq: “Ötən il ərzində 6 startap yatırım qazanıb. Bir startapımız artıq başqa ölkədə öz filialını açıb. Ekosistemə maksimum töhfə verməyə çalışırıq”, - deyə direktor qeyd edib.
Həmçinin T.İsgəndərli bildirib ki, iki gün davam edəcək tədbirin açılış mərasimi çox həyəcanverici keçdi: “Artıq 2-ci ildir ki “Sabah.Hub” olaraq “Bakı İnvestisiya Günü”nü təşkil edirik. Ötən ildən fərqli olaraq bu il artıq 3500-dən çox qonağımız var, 200-dən çox investor, 100-dən çox startap tədbirimizdə iştirak edir. Ötən il keçirilmiş tədbirimizdə qonaq sayı 1200, investor sayı 100, cəmi 10 startap olmuşdu. Layihənin miqyası ilə bərabər, yatırımların da həcmi böyüyür. Bu il startaplara yatırımlar daha böyükdür. Biz investorlardan artıq yarım milyon manat öhdəlik almışıq”, - deyə T.İsgəndərli vurğulayıb.