Bu il Naxçıvanda növbəti arxeoloji tədqiqat işləri aparılacaq
Naxçıvan, 24 mart, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları bu il də muxtar respublikada növbəti arxeoloji tədqiqat işləri aparacaqlar.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, təkcə Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsi indiyə qədər təsbit edilməyib. Buna görə də Arazboyu vadidə qədim yaşayış yerlərində kəşfiyyat xarakterli tədqiqatların aparılması və neolitləşmənin erkən mərhələsi ilə bağlı faktların aşkar edilməsi əsas məsələlərdən biridir.
Alim bildirib ki, tədqiqatlar Naxçıvanda formalaşan qədim mədəniyyətlər, yaşayış yerləri ilə bağlı məlumatların daha da dərinləşməsinə imkan verəcək.
Qeyd edək ki, ötən il Naxçıvantəpədə aparılan arxeoloji tədqiqatlar zamanı kiçik bir sahədə neolit təbəqəsi aşkar olunub. Bu sahədə tədqiqatların genişləndirilməsi Naxçıvanın neolit və enolit mədəniyyəti ilə bağlı yeni məlumatların əldə edilməsinə, qədim diyarın ərazisində formalaşan mədəniyyətlərin digər ölkələrə necə təsir etdiyinin öyrənilməsinə imkan yaradacaq.