İQTİSADİYYAT
Bu il Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər - ŞƏRH
![Bu il Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər - ŞƏRH](/files/2023/2/1200x630/16917412055039026203_1200x630.jpg)
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycanın qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır. Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın payına düşdüyü halda, Türkiyə 28.9 faizə sahib olub. Göründüyü kimi, sözügedən ölkələrin qeyri-neft ixracatında payı arasındakı fərq cüzidir. Bu o deməkdir ki, ümumi artım tendensiyasında koordinal dəyişikliklər olmayacağı halda, 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşlikdə Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) yer alır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
O bildirib ki, bütövlükdə, həmin müddətdə qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb. Qeyd edək ki, son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3,5 milyard dollara yaxınlaşacağı gözlənilir.
Digər tərəfdən, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır.