BUXARESTDƏ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Buxarest, 1 aprel (AZƏRTAC). Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirmişlər ki, səfirlik Buxarestdə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirmişdir.
Mərasimdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniyadakı nümayəndəliyinin təmsilçiləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçılarına ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımları barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba və Lənkəranda 50 min azərbaycanlı öldürülmüş, on minlərlə insan evlərindən didərgin düşmüşdür. Mart soyqırımları zamanı Qubada 122, Dağlıq Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 və Qars vilayətində 92 kəndin dağıdıldığı vurğulanmışdır. Bundan başqa, 1918-1920-ci illərdə indiki Ermənistanda yaşayan 500 mindən çox azərbaycanlı qovulmuş və ya öldürülmüşdür.
Yığıncaqda çıxış edənlər Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə danışmış, Xocalı soyqırımının bu təcavüzkar ölkənin terrorçuluq siyasətinin tərkib hissəsi olmasını konkret faktlarla iştirakçıların diqqətinə çatdırmışlar.
Tədbirdə 1918-ci il mart hadisələrinin dəhşətlərinə həsr olunmuş fotostend nümayiş etdirilmişdir.
Səfirliyin Azərbaycanlıların soyqırımı günü ilə bağlı hazırladığı məlumatlar Rumıniyanın dövlət və qeyri-hökumət təşkilatlarına, ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə göndərilmişdir.