Cəlilabad bağlarında calaq işlərinə yekun vurulur VİDEO
Cəlilabad, 1 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Bu gün Cəlilabadda ata-babalarımızın calaqetmə təcrübəsi kənd təsərrüfatında geniş tətbiq olunur. Bu üsulla bağlardan bol və keyfiyyətli meyvə məhsulu yığılır. Artıq yazın gəlişi ilə bir müddətdir ki, bağlarda yaz qulluğu və calaq işləri aparılır.
AZƏRTAC xəbər verir ki, ömrünün yarıdan çoxunu kənd təsərrüfatının müxtəlif sahələrinə həsr edən Cəlilabad sakini, aqronom Mirtahir Əhmədov uzun illərdir bağçılıqla məşğuldur.
Bağban deyir ki, son illər iqlim dəyişmələri fonunda rastlaşdıqları zərər bağçılığa da öz təsirini göstərib. Belə ki, ötən il bir hektarlıq bağında becərdiyi onlarla məhsuldar ərik və gilas ağacları quruyaraq məhv olub. Lakin bu hallar bağbanı həvəsdən salmayıb. O, cavan tinglərə calaq vurma yolu ilə meyvə ağaclarını artıraraq, bağın əvvəlki şöhrətini özünə qaytarmağa çalışır. Bağbanın sözlərinə görə yaz calağının vurulmasında əsas diqqət istər meyvə ağaclarında, istərsə də dekorativ ağaclarda “şirə hərəkəti” başlamamışdan qabaq, yəni tumurcuq açmamışdan öncə həyata keçirilməlidir.
“Artıq tumurcuqlarda müəyyən hərəkətlilik hiss olunur. Göz calağının, yarma calağının ən gözəl vaxtıdır. Calaqetmə prosesini ağaca, meyvəyə, təbiətə həvəsi olan adamların bilməsi çox vacibdir. İndi göz calağı və yarma calağın vaxtıdır. Calaqaltılar əsasən cır meyvə ağaclarında istifadə olunur. Bununla da daha məhsuldar və dözümlü budaq alınır”, - deyə bağban qeyd edib.
Həyətyanı bağında ənənəvi bitkilərlə yanaşı, 70-dən çox müxtəlif çeşidli meyvə ağacları yetişdirən Cəlilabad sakini bağban Malik Hüseynov da calaq işlərini yekunlaşdırmaq üzrədir. Bağında bölgə üçün nadir ağaclardan sayılan “Firəng üzümü” becərən bağban əkin yerinə qənaət məqsədilə calağı daha çox dibçəkdə böyütdüyü tinglər üzərində aparır: “Həyətdə yerim olmadığına görə yarma calağı dibçəkdə edib, ağacı köçürürəm. İlin bütün fəslində ağacı köçürtmək mümkündür, çünki orda torpaq dağılmır, hara istəyirsən rahat köçürüb əkə bilirsən”.
Qeyd edək ki, calaq mövsümə uyğun olaraq bir neçə formada və üç dövrdə, erkən yazda - ağaclar tumurcuq açmazdan əvvəl, may-iyun və sentyabr aylarında həyata keçirilir.