REGİONLAR
Cəlilabadda əsas kapitala yönəldilmiş investisiyaların həcmi artıb
Cəlilabad, 15 avqust, İlkin Adıyev, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Cəlilabad rayonunda tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi (fiziki şəxslərin göstəriciləri də nəzərə alınmaqla) hesabat dövründə 6 milyon 627 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,2 faiz çoxdur. Ümumi işin 750,5 min manatını tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 3 milyon 184,8 min manatını əsaslı təmir, 1 milyon 922,4 min manatını cari təmir, 769,3 min manatını isə sair işlər təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Cəlilabad Rayon Statistika İdarəsindən bildirilib.
Qeyd olunub ki, hesabat dövründə əsas fondların ümumi dəyəri 6 milyon 170,2 min manat təşkil edib ki, bunun da 3 milyon 219,6 min manatı dövlət mülkiyyətinin, 2 milyon 950,6 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşüb.
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 12 milyon 35 min manat və ya 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 0,6 faiz çox, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 11 milyon 709,1 min manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çox olub.
Bu ilin yanvar-iyun aylarında təmir-tikinti təşkilatlarında çalışan işçilərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 nəfər artaraq 180 nəfər təşkil edib.
Tikinti təşkilatlarında hər bir işçinin orta aylıq əməkhaqqı ilin əvvəlindən 517,7 manat olub. Bu da 2022-ci ilin eyni dövrünə nisbətən 12,9 faiz çoxdur.