Cəlilabadda kartof əkini yekunlaşmaq üzrədir VİDEO
Cəlilabad, 8 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC
Cəlilabad rayonunda yazlıq kartof əkini davam etdirilir. Bu il rayonda 5000 hektardan çox sahədə kartof əkiləcəyi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, cəlilabadlı əkinçilər ötən mövsüm sahələrdən 130 min tondan çox, yaxud 260 sentner məhsuldarlıq əldə ediblər. Məhsulun 80 faizə yaxını xaricə ixrac olunub. Yerli mütəxəssislərin hesablamalarına əsasən, kartof istehsalçılarının ötənilki yazlıq və payızlıq əkinlərinə görə ümumi gəlirləri 1 milyon manata yaxın təşkil edir.
Fermer Vahid Ağayev bildirib ki, əkinə dekabr ayının birinci ongünlüyündə start veriblər. Hava şəraitinin yaxşı keçməsi onların işini daha da sürətləndirib: “Hava şəraitindən yararlanmağa çalışırıq ki, əkini tez başa çatdıraq. Mineral gübrələrdən istifadə etmişik, çox gözəl əkin gedir. Hazırda sahələrdə Rusiyadan gətirilən “Razara”, “Udaça”, “Kembirov” kimi kartof növləri əkirik. Bu kartof növləri tez yetişməsi ilə yanaşı, yüksək məhsuldarlığı ilə də seçilir. Ötən il 25 hektar əkmişdim, hektara 250 sentner məhsul götürdüm. Kartofumuzu 60 qəpikdən satdım. Satış da əla oldu, daxili bazarla yanaşı, xaricə də göndəririk”.
Vahid Ağayev qeyd edib ki, yazlıq kartofun qış fəslində şaxtanın təsirindən qorunması məqsədilə toxumlar 10-15 santimetr dərinlikdə basdırılır. Əkindən əvvəl torpağa mineral gübrələrin verilməsi, aqrotexniki qaydalara düzgün riayət olunması mühüm amillərdəndir.
Qeyd edək ki, yüksək məhsuldarlığın əldə olunması üçün rayonun Maşlıq, Muğan, Kazımabad, Göytəpə, Sabirabad kəndlərində münbit torpaqlar seçilib və müvafiq aqrotexniki tədbirlər həyata keçirilib.