Cəlilabadda Vətən müharibəsinin qazisi, idmançı Simran Əlizadə ilə görüş keçirilib
Cəlilabad, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin akt zalında “Çempionumuz” sosial idman layihəsi çərçivəsində budo idman növü üzrə Dünya, Avropa və Azərbaycan çempionatlarının qalibi, Vətən müharibəsinin qazisi, leytenant Simran Əlizadə ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Rayon Təhsil Şöbəsinin metodisti Sərxoş Mirzəyev layihənin məqsəd və vəzifələrindən, 44 günlük Vətən müharibəsində tanınmış idmançı Əlizadə Simran Vəli oğlunun göstərdiyi igidlikdən, onun idman sahəsində qazandığı uğurlardan danışıblar.
Simran Əlizadə müharibə xatirələrindən, Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqdan söz açıb, ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı, qazi Əlizadə Simran Vəli oğlu 1994-cü il noyabrın 26-da Cəlilabad rayonunun Abşabad kəndində anadan olub. Dəfələrlə Azərbaycan, üçqat Dünya, ikiqat Avropa çempionu adını qazanıb, ikiqat Qara kəmər sahibidir.
Vətən müharibəsi başlananda könüllü olaraq cəbhəyə yollanan Simran Əlizadə Füzulu, Cəbrayıl, Qubadlı rayonları və Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. O, “Cəbrayılın işğaldan azad olunmasına görə” və “Qubadlınin işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.