CENEVRƏDƏ AZƏRBAYCAN GÖMRÜYÜNÜN TARİXİNƏ HƏSR OLUNMUŞ SƏRGİ BÖYÜK MARAQ DOĞURMUŞDUR
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İsveçrənin Cenevrə şəhərindəki qərargahında “Mədəni irsin keşiyində” mövzusunda sərgi açılmışdır.
Əsas məqsəd beynəlxalq ictimaiyyəti mədəni irsin qorunması sahəsində Azərbaycan gömrük orqanlarının fəaliyyəti ilə tanış etmək, gömrük sərhədindən qeyri-qanuni yollarla keçirilmə zamanı saxlanılmış nümunələri göstərmək, dünya mədəni irsinin qorunmasına Azərbaycan gömrük xidmətinin töhfələri barədə məlumat verməkdir.
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, bu ölkədəki diplomatik korpusun və digər beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, burada təhsil alan soydaşlarımız iştirak etmişlər.
BMT-nin Cenevrədəki qərargahının rəhbəri Sergey Orcenikidze, Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov, DGK-nın sədri Aydın Əliyev sərginin əhəmiyyətindən, sivilizasiyaların mədəni irsinin qorunmasında ölkəmizin rolu və töhfəsi, eləcə də gömrük xidmətinin bu sahədə fəaliyyətinin vacibliyindən danışmışlar.
Sərgidə Azərbaycanın qədim musiqi alətləri, xalçaçılıq nümunələri, dini kitablar, rəsm əsərləri nümayiş etdirilmişdir.
Qonaqlar nümayiş etdirilən incəsənət əsərlərinin, eksponatların tarixi əhəmiyyəti, estetik gözəlliyi, Azərbaycan xalqına məxsus mədəniyyət nümunələrinin cəlbediciliyi barədə fikirlərini söyləmiş, eyni zamanda, Azərbaycan gömrük xidmətinin fəaliyyətini yüksək qiymətləndirmişlər.
Tədbirdə “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” və “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” kitablarının təqdimatı da keçirilmiş, nəşrlər iştirakçılara paylanılmışdır.
Kitablarda Azərbaycan tarixi və həqiqətləri, ölkəmizin əldə etdiyi nailiyyətlər, respublikamızın müasir həyatı barədə məqalələr və fotolar, həmçinin ermənilərin köçəri bir xalq olduqları barədə tarixi faktlar əksini tapmışdır.
Sərgi sentyabrın 27-dək davam edəcəkdir.