CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ PARLAMENT SƏDRLƏRİNİN PARİSDƏ GÖRÜŞÜ
Fransa Senatının sədri Kristian Ponsölenin təşəbbüsü ilə noyabrın 4-də Parisdə, qədim Versal qəsrində Cənubi Qafqaz ölkələri parlament sədrlərinin görüşü keçirilmişdir. Görüşdə regional vəziyyət, turizmin inkişaf perspektivləri və mədəni irsin qorunması məsələləri müzakirə edilmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşü giriş sözü ilə açan Senatın sədri hər üç ölkənin parlament sədrləri ilə Tbilisidə keçirdiyi görüşün əhəmiyyətini vurğulamış, belə görüşün gələcəkdə Bakıda və Yerevanda keçirilməsini arzuladığını, müzakirə edilən məsələlərin biri-birilə sıx əlaqəli olduğunu söyləmiş, ölkənin tarixindən və mədəniyyətindən xəbər verən mədəni irsin qorunmasının vacibliyini bildirmişdir.
Senatorlardan Mişel Beko və İv Doc Fransada turizmin inkişafı və bu sahədə görülən işlər barədə məlumat vermiş, qədim abidələrlə zəngin olan bu ölkədə mədəni irsin qorunmasına dövlət tərəfindən göstərilən qayğıdan söhbət açmışlar.
Görüşdə Azərbaycan, Gürcüstan və Ermənistanın parlament sədrləri müzakirə olunan məsələlərlə bağlı çıxış etmişlər. Milli Məclisin sədri Murtuz Ələsgərov görüşün təşkilinə təşəbbüs göstərmiş Kristian Ponsöleyə təşəkkür etmişdir. O, Cənubi Qafqazla əlaqədar problemin vaxtilə Avropa Birliyi Parlament Assambleyası sədrinin, Fransa Senatı sədrinin, Almaniya Bundestaqı, Rusiya Dövlət Duması rəhbərliyinin təşəbbüsü sayəsində Cənubi Qafqaz ölkələrinin ali qanunverici orqanları nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşlərdə əsas müzakirə obyekti olduğunu, belə göruşlərin parlamentlərarası əməkdaşlığın inkişafı üçün zəruri inam şəraiti yaratdığını, əsas nəqliyyat dəhlizi rolunu oynayan bölgəyə müxtəlif beynəlxalq iqtisadi strukturların maraq göstərdiyini, ölkələr arasında regional əməkdaşlığın inkişafına şərait yaradılmasında sülhün bərqərar olmasının və təhlükəsizliyin təmin edilməsinin mühüm amil olduğunu bildirmişdir.
Milli Məclisin sədri Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edərək, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal olundugunu, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini, Ermənistanın Dağlıq Qarabağda müstəqil dövlət yaratmaq ideyasını həyata keçirməyə cəhd göstərdiyini, Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndlərin, tarixi və mədəniyyət abidələrinin nümunlərinin darmadağın edildiyini, həmin ərazilərdə terrorçuların hazırlandığını, narkotik xassəli bitkilərin yetişdirildiyini xatırlatmışdır. Murtuz Ələsgərov “Böyük Ermənistan” yaratmaq xülyasına qapılmış ermənilərin tarixi faktları saxtalaşdıraraq, işğal altında olan bəzi yerləri, o cümlədən qədim insan məskənləri olan Azıx və Tağlar mağaralarını öz adlarına çıxdıqlarını vurğulamış, Azərbaycan mədəniyyətində misilsiz yeri olan Şuşa şəhərində abidələrin yerlə-yeksan edildiyini bildirmişdir.
Münaqişənin həllindən danışan Milli Məclisin sədri bu məsələdə Azərbaycanın movqeyini açıqlayaraq bildirmişdir ki, ölkəmiz problemin sülh yolu ilə aradan qaldırılmasında israrlıdır. Bu baxımdan bir çox dövlətlərin, o cümlədən Fransanın, beynəlxalq təşkilatların səylərini yüksək qiymətləndirən M.Ələsgərov demişdir ki, münaqişə yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla həll edilməlidir.
Müzakirələrdə iştirak edən deputatlarımız Musa Quliyev və Nizami Cəfərov zəngin tarixi abidələrə və füsunkar təbiətə malik Azərbaycanda turizmin inkişafı üçün əlverişli şərait olduğunu, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə təsdiq etdiyi 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət proqramını təsdiq etməsindən sonra dövlətin bu sahəyə xüsusi qayğı göstərdiyini, ölkələr arasında mədəni əlaqələrin inkişafında mədəni irsin dəyərləndirilməsinin rolunu vurğulamış, işğal edilmiş ərazilərimizdə xalqımızın mədəni sərvəti olan abidələrin Ermənistan tərəfindən məhv olunduğunu, bəzi hallarda isə erməniləşdirməyə cəhd göstərildiyini, bir çox dövlətlərin və beynəlxalq təşkilatların bu məsələyə münasibət bildirmədiyini xatırlatmışlar.
Görüşdən sonra Cənubi Qafqaz ölkələrinin nümayəndə heyətləri qonaq sifəti ilə Senatın yığıncağında iştirak etmişlər.
Sonra Fransa Senatının sədri, Azərbaycan, Gürcüstan və Ermənistan parlamentlərinin başçıları yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirmiş, jurnalistlərin suallarına cavablar vermişlər.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin məhv edilməsi ilə bağlı AZƏRTAC-ın müxbirinin sualına cavabında Senatın sədri Kristian Ponsöleyə demişdir: Mən işğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılmasından təəssüf hissi keçirirəm. Bunu heç vaxt unutmaq lazım deyil, ona görə lazım deyil ki, belə hallar bir daha təkrar olunmasın. Amma biz daim arxaya baxa bilmərik. Vaxt ötür, biz gənclərə qalacaq irsi yaddan çıxara bilmərik. Gələcək nəsil üçün sülh və azadlıq ən yaxşı irsdir. Biz məhz bu sahədə çalışırıq. İşlərimizin bir qədər ləng getməsi bizi ruhdan salmır. Biz buna inamla çalışırıq. Mənə belə gəlir ki, biz elə bu istiqamətdə hərəkət etməliyik. Eşitdiklərim məndə belə bir ümid yaradır ki, onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün bizim kifayət qədər gücümüz vardır.
Parlament sədrlərinin görüşündə Azərbaycanın Fransadakı səfiri Tarik
Əliyev iştirak etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris