İDMAN
Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub
Bakı, 29 iyul, AZƏRTAC
Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına hazırlıq işlərinə dair iclas keçirilib. İclasda Azərbaycan Həndbol Federasiyasının (AHF) nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.
AHF-dən AZƏRTAC-a verilən məlumata görə, iclasda ötən müddətdə mövcud klubların gücləndirilməsi və yeni klubların yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, əgər bir neçə ay əvvəl federasiyanın yeni strukturu formalaşdırılarkən məşqlərə cəmi 1-2 klub qatılırdısa, artıq həndbol ilə mütəmadi məşğul olan klubların sayı 10-a çatdırılıb. Bütün bu işlər federasiya rəhbərliyinin daim diqqət mərkəzindədir. Həndbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, qadın həndbolçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanan ilk komanda olub. Əldə olunan uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın idmana diqqət və qayğısının təzahürüdür.
İclasda, həmçinin yaxın vaxtlarda nəzərdə tutulan çimərlik həndbolu üzrə Azərbaycan çempionatı barədə ətraflı məlumatlar səsləndirilib və yarışın yüksək səviyyədə təşkil olunması üçün konkret tapşırıqlar verilib. Qeyd olunub ki, ölkəmizdə çimərlik həndbolu üzrə Azərbaycan çempionatı ikinci dəfədir keçirilir. Tədbirdə əsas məqsədin çimərlik həndbolunun ölkəmizdə kütləviliyini artırmaq olduğu vurğulanıb.
İclasda, həmçinin çempionatın avqustun 18-dən 20-dək Bakı Su İdman Sarayında keçiriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda, yarışın təşkili, oyun cədvəli, açılış və bağlanış mərasimləri barədə məlumat verilib.
Yarışlarda iştirak edəcək komandaların adları açıqlanıb. Ümumilikdə, 6 qadın və 4 kişi komandanın çıxış edəcəyi diqqətə çatdırılıb.
Sonra yarışların püşkü atılıb.
Sonda çimərlik həndbolu ilə bağlı videoçarx nümayiş etdirilib.