Çin COVID-19 pandemiyası ilə mübarizədə Kambocaya dəstək verib
Pekin, 23 mart, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə böyük uğurlar qazanan Çin digər ölkələrə yardımlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Çindən 7 nəfərlik tibbi heyət Kambocaya göndərilib. Paytaxt Pnompenin beynəlxalq hava limanında Çin həkimlərini qarşılayan Kambocanın Səhiyyə naziri Mam Bunhenq deyib ki, bu, iki dost ölkənin çətin günlərdə bir-birinə dəstəyinin göstəricisidir.
Çinin Quansi Cuan Muxtar Rayonundan olan həkimlər koronavirusa yoluxmuş xəstələrin müalicəsində iştirak ediblər və bu sahədə böyük təcrübə toplayıblar.
Çindən Kambocaya tibbi heyətlə birlikdə bir neçə ton tibbi ləvazimatlar, o cümlədən maskalar, analiz dəstləri də göndərilib.
Kamboca Səhiyyə Nazirliyinin məlumata əsasən, ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 86 nəfərdir. İki nəfər isə müalicəni başa vuraraq xəstəxananı tərk edib.
Qeyd edək ki, Çində COVID-19 infeksiyası yayılmağa başlayanda Kamboca bu ölkəyə dəstəyini ifadə etmişdi. Fevralın əvvəlində isə Baş Nazir Hun Sen ölkəsinin Çinə dəstəyini nümayiş etdirmək üçün Pekinə səfərə gəlmişdi. O, koronavirusun yayılmasından sonra Çinə səfər edən ilk xarici dövlətin rəhbər şəxsi olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin