Çin KİV-ləri Ermənistanın humanitar atəşkəs rejimini pozması barədə xəbərlər yayıb
Pekin, 11 oktyabr, AZƏRTAC
Çin kütləvi informasiya vasitələri Ermənistanın humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, oktyabrın 11-də gecə vaxtı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması barədə xəbərlər yayıb.
AZƏRTAC xəbər verir ki, Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində və rəsmi “Jenmin Jibao” qəzetinin tərkibində fəaliyyət göstərən “Haiwai” portalında yerləşdirilən xəbərlərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə istinadla hadisənin detalları əksini tapıb. Qeyd olunub ki, raketin yaşayış binasına düşməsi nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bütün dünyada geniş oxucu kütləsi olan CGTN kanalının saytındakı digər xəbərdə isə oktyabrın 10-da yerli vaxtla günorta saat 12-də qüvvəyə minən humanitar atəşkəs rejiminin Ermənistan tərəfindən pozulmasından söz açılıb. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına istinad edən CGTN yazır ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq, cəbhənin iki istiqamətində hücuma keçib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin