Çingiz Əsgərov: Azərbaycanda hakim ştatlarının sayı 800-ə çatdırılıb
Bakı, 18 iyun, AZƏRTAC
Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) hesabatına əsasən, hər 100 min əhaliyə düşən hakim sayı Azərbaycanda orta Avropa göstəricisindən 3 dəfə aşağıdır və Avropada ən aşağı göstəricilərlə xarakterizə olunur. Belə ki, ölkəmizdə bu rəqəm hazırda təxminən 6,3-dür, Avropada isə 17,6-dır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda "Hakim korpusunun komplektləşdirilməsi" mövzusunda çıxış edərkən deyib.
“Hakimin yüksək iş yükü təbii ki, qərarların keyfiyyətinə mənfi təsir göstərəcək. Bununla əlaqədar Azərbaycanda hakim ştatlarının sayı artırılaraq 800-ə çatdırılıb. Bu ştatların qısa müddətdə komplektləşdirilməsi məqsədilə müasir tələblər nəzərə alınmaqla hakimliyə namizədlərin seçimi prosesinin daha da təkmilləşdirilməsinə ehtiyac duyulub və bu sahədə mühüm islahatlar aparılaraq qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Yeni qanunvericiliyə uyğun olaraq, hakimliyə namizədlər təyinat aldıqdan dərhal sonra təlim kurslarına cəlb edilirlər. Təlim prosesi zamanı hakimlər peşə vərdişlərinə yiyələnmələri üçün təcrübəli hakimlərin mühazirələrini dinləməklə yanaşı, həm də məhkəmələrdə təcrübə keçirlər", - deyə o vurğulayıb.
Çingiz Əsgərovun sözlərinə görə, son 3 ildə 1600-dən çox namizəd seçim prosesində iştirak edib, onlardan 210-u seçilərək yüksək hakim vəzifəsinə təyin olunub: "Yeni təyin edilmiş hakimlərin əksəriyyəti 35 yaşa qədər olan şəxslərdir. Onların təxminən 50 faizini qadınlar təşkil edir. İntensiv seçim nəticəsində cari ilin sonunda hakimlərimizin sayının 700-ə, növbəti mərhələdə isə 800-ə çatdırılması nəzərdə tutulur".