CƏMİYYƏT
COP28-in prezidenti iqlim dəyişikliyi ilə mübarizədə prioritetləri açıqlayıb
Bakı, 26 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti təyin edilmiş Sultan bin Əhməd Əl Cabir bu gün bildirib ki, “uğurlu iqlim sammitinin əsasını qoymaq üçün” noyabrda keçiriləcək COP28 sammitindən əvvəl beynəlxalq maliyyə institutlarında (IFIs) təcili islahatlara ehtiyac var.
AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, Əl Cabir Barbados Baş naziri Mia Mottli tərəfindən təşkil edilən “Gələcək üçün beynəlxalq maliyyə arxitekturasının yaradılması” adlı tədbirdə çıxış edib.
BMT-nin Baş katibi Antonio Quterreşin videoformatda iştirak etdiyi tədbirdə Baş nazir Mottli keçən il COP27-də qlobal maliyyə arxitekturasının əsaslı islahatına və maliyyə resurslarını iqlim fəaliyyətinə və BMT-nin Dayanıqlı İnkişaf Hədəflərinə yönəldən yeni maliyyə sistemi üçün yol hazırlamağa çağıran “Bridgetown” təşəbbüsünü təqdim edib.
BƏƏ-nin naziri çıxışında bildirib ki, təşəbbüs "şübhəsiz ki, beynəlxalq maliyyə institutlarının XXI əsrin çağırışları ilə ayaqlaşa bilmədiyi faktına diqqət yetirir". O əlavə edib: “İnkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsi heç bir yerdə yoxdur, sərfəli və ya kifayət qədər əlçatan deyil. Vəsait ayrılanda belə, bürokratik əngəllər meydana çıxır və onlar lazım olan hədəfə çata bilmirlər. Nəticədə, həm iqlim, həm də inkişaf hədəfləri risk altındadır.
Əgər dünya inkişaf etməkdə olan iqtisadiyyatlara iqlimin maliyyələşdirilməsini təmin etmək üçün təsirli mexanizmlər tapmasa, onların karbon intensiv inkişaf yolunu seçməkdən başqa çarəsi qalmayacaq".
COP28-in prezidenti qeyd edib ki, Paris Sazişinin məqsədlərinə çatmaq üçün cəmi yeddi il qalır və hələ də maliyyə ehtiyacı aktualdır. "Maliyyə sahəsində güclü bir nəticə olmadan Paris Sazişi uğur qazana bilməz. Güzəştli kreditlərin daha münasib olması və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün özəl sektorun maliyyələşdirilməsini səfərbər etmək kimi maliyyə islahatları ən yoxsul ölkələrə investisiyaları artıracaq, iqlimə davamlılığı yaxşılaşdıracaq və həqiqətən də davamlı inkişafı gücləndirəcək”, - deyə Əl Cabir bildirib.
BƏƏ-nin naziri sonda deyib: “Nə etməli olduğuna dair fikir və ya konsensus çatışmazlığı yoxdur. Çatışmayan şey onu yerinə yetirməkdir. İnanıram ki, bu otaqda kollektiv iradə və toplantı gücü noyabrda COP28-ə qədər lazımi irəliləyişə nail ola, uğurlu iqlim sammitinin əsasını qoya və çoxtərəfli sistemə inamı bərpa edə bilər. Planetimiz və insanlarımız, xüsusən də ən həssas təbəqənin gələcəyi bundan asılıdır”.