Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana uyğun olaraq, Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.
U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 kilometr olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 nömrəli Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.
On yeddi yaşadək velosipedçilər eyni marşrut üzrə 5 dövrə mübarizə aparıblar və “Neftçi İdman Klubu” İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayıb.
Elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar 14 kilometr məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsi ilə yekunlaşıb.