Daha bir gimnastımız “AGF Trophy” turnirinin həlledici mərhələsinə vəsiqə qazanıb
Bakı, 14 aprel, AZƏRTAC
Bədii gimnastımız Nuray Əhmədzadə Bakıda keçirilən üçüncü “AGF Trophy” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, halqa ilə yarışların təsnifat mərhələsində səkkizinci olan gimnastımız mərhələ adlayıb. N.Əhmədzadə ilə yanaşı, həlledici mərhələdə polşalı Liliana Levinska, Kipr idmançısı Vera Tuqolukova, israilli Lian Rona, Özbəkistan gimnastı Natalya Usova, bolqarıstanlı Dara Malinova, qırğızıstanlı Aleksandra Udodova və monteneqrolu Nina Draqoviç xalça üzərinə çıxacaqlar.
Daha əvvəl iki gimnastımız - Şəms Ağahüseynova və Sofiya Məmmədova top ilə yarışların final mərhələsinə adlayıb.
Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.
Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.
Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.