Damira Niyazalieva: Azərbaycan-Qırğızıstan münasibətləri daim inkişaf edir
Bişkek, 21 aprel, AZƏRTAC
Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daim inkişaf edir.
Qırğızıstan Baş nazirinin müavini Damira Niyazalieva bu sözləri Azərbaycanın Bişkekdəki səfiri Hidayət Orucov ilə görüşündə deyib. Baş nazirin müavini ölkələrimiz arasında əlaqələrin inkişafında, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində qırğız tərəfinin maraqlı olduğunu, əlaqələrin bundan sonra da genişlənməkdə davam edəcəyinə əminliyini bildirib. Azərbaycanın son illərdə siyasi, iqtisadi və digər sahələrdə qazandığı uğurları diqqətlə izlədiyini deyən D.Niyazalieva Qırğızıstanın Bakıda səfirliyinin açılmasını yüksək qiymətləndirib.
Səfir H.Orucov bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir və bu xətt dövlət başçıları İlham Əliyevin və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir. Vurğulayıb ki, 2014-cü ildə Qırğızıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2013-cü illə müqayisədə 1,5 dəfə artıb.
Diplomat qeyd edib ki, son vaxtlar humanitar sahədə də əməkdaşlıq uğurla inkişaf edir, ötən iki il ərzində həm Bişkekdə, həm də Bakıda çoxlu mühüm tədbirlər keçirilib.
Görüşdə gələn il Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda ilk dəfə mədəniyyət günlərinin keçirilməsi məsələlərı müzakirə edilib. Bildirilib ki, bu tədbirlər iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdıracaq. D.Niyazalieva mədəniyyət günlərinin keçirilməsini təqdir edib, bunun üçün ciddi hazırlaşmağın vacibliyini vurğulayıb.
H.Orucov bu ilin iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları haqqında danışıb, ölkəmizin artıq bu Oyunlara hazır olduğunu qeyd edib. O, həmçinin aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumu və mayın 18-19-da təşkil ediləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qırğızıstandan nümayəndələrin iştirak edəcəyi haqqında məlumat verib.
Baş nazirin müavini Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirib və bu tədbirlərin uğurla keçirilməsini arzulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek