Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Daşkənd, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar mərasim keçirmişdir.
Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dua oxunmuşdur.
Müvəqqəti işlər vəkili Akif Əliyev 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat vermiş, sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasətindən danışmışdır. Bildirmişdir ki, 20 Yanvar Azərbaycanın tarixinə mərdlik və mübarizlik rəmzi kimi yazılmışdır. O müdhiş və qanlı gecə xalqımızın mərd oğul və qızları sübut etdilər ki, heç bir imperiya qoşunu xalqın mübariz ruhunu sındıra bilməz.
A.Əliyev demişdir: “20 Yanvar faciəsindən dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu cinayətlərə görə keçmiş SSRİ-nin rəhbərlərini ittiham etmiş, faciənin məsuliyyətini bilavasitə Mixail Qorbaçovun üzərinə qoymuşdur”.
Şair İxtiyar Rza, Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov və başqaları bildirmişlər ki, 20 Yanvar faciəsi zamanı xalqımız böyük itkiyə məruz qalsa da, əyilmədi və təcavüzkarın gözünə dik baxdı. Təəssüf ki, şəhidlərimiz müstəqilliyimizi görə bilmədilər.
Sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmiş, iştirakçılara faciə haqqında məlumatlar toplusu paylanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd