DAŞKƏNDDƏ İSLAM DİNİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Özbəkistanın Bakıdakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, forumun işində görkəmli islamşünas alimlər, aparıcı dini konfessiyaların rəhbərləri, beynəlxalq təşkilatların və respublikada akkreditə olunmuş xarici diplomatik missiyaların nümayəndələri, habelə bir sıra ölkələrin ekspertləri iştirak etmişlər.
Konfransın təşkilindən məqsəd cəmiyyətdə sülhün və həmrəyliyin əldə edilməsinin səmərəli və elmi cəhətdən əsaslandırılmış yollarının axtarışında yaranmış vəziyyətin, habelə xalqların və dinlərin əməkdaşlığı məsələlərinin araşdırılması idi. Məruzələrdə zəmanəmizin ən ciddi məsələlərinə cavab tapmağa səy göstərilmişdir. İştirakçılar dinlər arasında qarşılıqlı hörmətin təmin edilməsində, dini fanatizmlə mübarizədə, milli dini-elmi irsə qayğı ilə yanaşılması sahəsində Özbəkistanın təcrübəsini müsbət qiymətləndirmişlər.
Konfransın gedişində müasir dünyəvi cəmiyyət şəraitində konfessiyalararası dialoqun inkişafına və dözümlülük mədəniyyətinin tərbiyə olunmasına dair ətraflı düşünülmüş və elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanmışdır.
Konfrans çərçivəsində “Mərkəzi Asiyada sufizmin inkişafı” multimedia albomunun təqdimatı da keçirilmişdir.