DAŞKƏNDDƏKİ SƏFİRLİYİMİZDƏ HƏMRƏYLİK GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə Özbəkistanda və Cənubi Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbərləri, Ağsaqqalar Şurasının üzvləri iştirak etmişlər.
Ümummilli liderimiz, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətinin mətni oxunmuşdur.
Ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov çıxış edərək demişdir ki, bu bayram dünya şöhrətli siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə bu bayram 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd edilib və bunun da təşəbbüskarı Heydər Əliyev olmuşdur. Dünyada yaşayan azərbaycanlıların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi sahəsində Prezident Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı bu istiqamətdə mühüm addımlardan biri idi. Dünyanın heç bir ölkəsində xaricdə yaşayan soydaşlarla iş üzrə dövlət qurumu yoxdur. Azərbaycanda isə belə bir komitə yaradılmışdır və məqsədyönlü iş aparır.
Səfir Daşkənddə Heydər Əliyevin adının əbədiləşdirilməsindən də danışaraq demişdir ki, bu istiqamətdə mühüm işlər görülür və yaxın vaxlarda məlumat veriləcəkdir.