Daşkəsəndə mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib
Daşkəsən, 26 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Noyabrın 26-da Daşkəsən rayonunda Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) reallaşdırdığı “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PST) layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirinin məqsədi mina və PST təsirinə məruz qalan və ya qalması ehtimal olunan ərazilərdə yaşayan Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Qaratağlar, Astaf, Zağalı, Qabaqtəpə, Təzəkənd, Pirverdilər, Kollu, Yolqullar və Çıraqlı kəndlərinin sakinlərinin mina problemi barədə məlumatlılıq səviyyəsinin artırılması, onları təhlükəsiz davranışa təşviq etməklə risklərin azaldılmasıdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşı Elmar Əliyev çıxışında layihənin əhəmiyyətini və aktuallığını vurğulayıb.
Təlimatçı Musa Cəlalov proqram haqqında ətraflı məlumat verib, lazımi bilik və bacarıqları diqqətə çatdırıb, sualları cavablandırıb.
Sonda təlim iştirakçılarına maarifləndirici materiallar paylanıb.