DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTDƏN XARİC EDİLMİŞLƏR
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 2003-cü il dekabrın 15-də Binə hava limanındakı nəzarət-buraxılış məntəqəsində Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən 1972-ci il təvəllüdlü Sonya Rinat qızı Alimovanın adına olan ümumvətəndaş pasportu ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək istəyən şəxs saxlanılmış və onun əslində, 1980-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Dyaçenko Alesiya Vladimirovna olduğu müəyyən edilmişdir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılmışdır. İlkin istintaq zamanı Alesiya Dyaçenkonun saxta şəxsiyyət vəsiqəsini vasitəçi şəxslərin köməyi ilə Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsindən aldığı müəyyən edilmişdir.
Həmin şöbədə vətəndaşlara saxta şəxsiyyət vəsiqəsi verilməsi faktlarının mövcudluğu barədə daxil olmuş məlumatların yoxlanılması məqsədi ilə DİN rəhbərliyinin göstərişi ilə nazirliyin Daxili Təhqiqatlar və Pasport Qeydiyyat idarələri tərəfindən yoxlama aparılmışdır.
Mətbuat Xidmətinin rəhbəri aparılan araşdırmalarla daha 16 nəfərin saxta şəxsiyyət vəsiqəsi aldığının müəyyən edildiyini də bildirmişdir.
O qeyd etmişdir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə DİN-in müvafiq əmrlərinin tələblərini kobud şəkildə pozaraq pasportlarını itirmələri barədə vətəndaşların müraciətlərinin idarə rəhbərliyinə məruzə edilərək qeydiyyata alınmasını, onlara dair sorğuların mövcud qaydalara uyğun göndərilməsini, təqdim edilən sənədlərin diqqətlə öyrənilməsini təmin etməməsi vətəndaş S.Alimovanın və qeyrilərinin (cəmi 17 nəfər) adlarına saxta şəxsiyyət vəsiqələrinin verilməsi ilə nəticələndiyinə, şöbəyə daxil olan sorğuların icrasında və vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsində süründürməçiliyə yol verdiyinə, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, eləcə də məsuliyyətdən yayınmaq məqsədi ilə təhqiqat prosesində yalan izahat verməklə daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlər etdiyinə görə Binəqədi RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ağamirzə Məmmədov, eləcə də həmin şöbənin oxşar saxtakarlığa yol vermiş inspektoru, polis kapitanı Məhəmməd Məmmədov və baş inspektor, polis baş leytenantı Tamilla Əliyeva daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər.
Bu faktla bağlı başlanılmış cinayət işinin istintaqı aidiyyəti üzrə respublika prokurorluğu tərəfindən aparılır.
DİN-in Pasport Qeydiyyat və Bakı Baş Polis idarələrinin rəhbərliklərinə tapşırılmışdır ki, bu sahədəki saxtakarlıqların səbəb və şəraitinin təhlil edilib aradan qaldırılması üçün müvafiq tədbirlər görsünlər.